|
Xəbər verildiyi kimi, AXCP, ALP və Vətəndaş İnkişaf Partiyasının daxil olduğu “Azadlıq” bloku bu gün saat 12:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirməli idi. Buna səbəb BŞİH-in blokun kütləvi aksiya keçirmək barədə xahişini qulaqardına vurmasıdır. Nəzərdə tutduğu aksiyanı təxirə salan “Azadlıq” bloku bu gün piket keçirmək qərarına gəlmişdi.
Hazırda müxbirimiz Fərahim İlqaroğlunun BŞİH qarşısından verdiyi məlumata görə, ətrafda polislər və 50-yə qədər mülki geyimdə olan hüquq-mühafizə orqanlarının işçiləri var: "Bundan başqa, çevik polis alayına məxsus maşınlar (şübhəli şəxs qismində saxlananları bölmələrə daşımaq üçün nəzərdə tutulan "Fiat" markalı avtomobillər) hazır vəziyyətdə dayanıb. İqtisad Universitetinin tələbələri xüsusi keçiddən buraxılırlar".
***
\Əməkdaşımızın verdiyi məlumata görə, "Azadlıq" blokunun aksiyası başlanmazdan öncə tutulanlar var. Bu, yığışanlara press-reliz paylamaq istəyən iki nəfər və polisin "İçərişəhər metrostansiyasının çıxışında gözaltıladığı 8-ə qədər cəbhəçi olub.Onları maşına basaraq polis bölməsinə aparıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev də hadisə yerindədir. Polislrin sayı xeyli artırılıb.
***
F.İlqaroğlunun sözlərinə görə, saat 12 tamamdan bir neçə dəqiqə keçmiş metrodan çıxan siyasi fəallar BŞİH-in binası önünə tərəf irəliləyərək "Azadlıq" şüarı səsləndirməyə başlayıblar. Bu zaman hazır dayanmış polis qüvvələri onların üstünə hücuma keçib, fəalları həbs edərək maşınlara oturtmağa başlayıblar. Həbs edilənlərin sırasında "Azadlıq" qəzetinin əməkdaşları Pərviz Cəbrayıl, Natiq Güləhmədoğlu, Ayəndə Mürsəliyeva, AXCP gənclər təşkilatının sədri Əvəz Qurbanlı da var.
Polislər aksiya iştirakçılarını pərən-pərən salıblar, bir yerə toplaşmağa imkan verməyib, fəallıq edənlərin arxasınca düşüb qovublar.
***
Son məlumata görə, AXCP sədrinin müşaviri Sahib Kərimovun müxbirimizə açıqlamasında bildirib ki, aksiyanı baş tutmuş hesab edirlər: "100-ə yaxın fəal həbs edilib. Polislər insanlarla aqressiv davranır. İndiyədək bu cür zorakılıq görməmişdik".
Bundan sonra polislər jurnalistlərə ayaqüstü açıqlama verən S.Kərimovu da zorla maşına oturdaraq polis bölməsinə aparıblar. Daha sonra Razi Nurullayev eyni təşəbbüslə çıxış edərək jurnalistlərə məlumat verərkən polislər onu da həbs ediblər. Nurullayev tutulanların təxminən 40 nəfər olduğunu deməyə macal tapıb.
Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə jurnalistlərə bildirib ki, aksiya zamanı heç kəs həbs olunmayıb, sadəcə, onlar maşına oturdularaq ərazidən uzaqlaşdırılıblar. Ancaq "Azadlıq" bloku fəallarının dediyinə görə, tutulanların əksəriyyətini 8-ci polis bölməsinə aparıblar və heç kəsi buraxmayıblar.
***
Əməkdaşımızın həbs olunan Pərviz Cəbrayıldan aldığı məlumata görə, polislər doğrudan da həbs edilənlərin bir hissəsini ərazidən uzaqlaşdırıb Bayıl istiqamətinə aparıblar, orada isə maşından endirərək "düz-əməlli bir işlə məşğul olmağı" məsləhət görüblər. P.Cəbrayıl onu da deyib ki, aksiya iştirakçılarının bir çoxunu daha uzağa, "Sədərək" yarmarkası həndəvərinə aparıb, orada maşından düşürüblər.
Aksiya zamanı mülki paltarlı polislərin jurnalistlərlə qaba davrandığı müşahidə olunub. Onlar jurnalistlərə peşə fəaliyyətlərini icra etmyə imkan verməyib, onların texniki vasitələrini (telefon, diktofon, kamera) əllərindən almağa cəhd göstəriblər. Zərərçəkənlər arasında əməkdaşımız Fərahim İlqaroğlu və RATİ-nin əməkdaşı Mehman Hüseynov da olub. Polislər əməkdaşımızın fotokamerasını alaraq yerə atıblar, Mehman isə yerə yıxıb təpikləyiblər. F.İlqaroğlu da polislərdən birinin təpiyinə tuş gəlib və yerə yıxılıb.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Media forum” saytına açıqlamasında deyib ki, “Azadlıq” blokuna daxil olan partiyaların üzvləri aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış, əvvəlcədən xəbər verilməmiş piket keçirməyə cəhd göstəriblər: “Aksiya razılaşdırılmamış olduğuna görə ərazi üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları onun qarşısını alıblar. Polisin tələblərinə əməl etməyən, polisə müqavimət göstərən 15-20 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin bölmələrinə aparılıb. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir, bir daha belə icazəsiz aksiyalarda iştirak etməmələri üçün onlarla izahat işi aparılır. Araşdırmaların nəticəsinə uyğun olaraq polisin haqlı tələblərinə əməl etməyən, müqavimət göstərən şəxslər haqda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib ediləcək”.
E.Zahidov deyib ki, çoxlu sayda aksiya iştirakçısının saxlanılması haqda məlumatlar əsassızdır: “Çünki aksiyada heç çoxlu sayda adam iştirak etməyib. Digər tərəfdən, ərazidən uzaqlaşdırılmaq üçün polis maşınlarına və avtobuslara mindirilənlərin hamısı polisə aparılmayıb. Onlar hadisə yerindən uzaqlaşdırılaraq şəhərin müxtəlif yerlərində azad olunublar”.
Onun sözlərinə görə, piket zamanı etirazçılardan və polis əməkdaşlarından xəsarət alan olmayıb.
|